Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birgə Novruz bayramı münasibətilə tədbir təşkil edib.
Şənlikdə Sumqayıt şəhərinin təhsil müəssisələrində işləyən şəhid ailələrinin üzvləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Onun sözlərinə görə, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür. Habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə şəhid ailələrini bayram münasibətilə təbrik edib və bayramı daha da təravətləndirən Zəfər sevincinin müəlliflərinin - şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb. Vurğulayıb ki, bu gün Qarabağda alovlanan Novruz tonqalı hər birimizi fərəhləndirir.
Tədbirdə digər çıxşılar da dinlənilib, bayram təbrikləri səslənib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan, eləcə də cəmiyyətimizdə onlara olan ali münasibətdən razılıq ifadə ediblər.