ATİAHİ Sumqayıt şəhər komitəsi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birlikdə Novruz bayramı münasibətilə bayram tədbiri keçirib. Tədbirdə Sumqayıt şəhərinin təhsil işçiləri iştirak ediblər.
Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və ATİAHİ Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev çıxış edərək Novruz bayramı haqqında danışıblar. Bildirilib ki, Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir. Müstəqil ölkəmizdə hər il qüdrətli dövlətimizin dəstəyi ilə Novruz bayramı böyük həvəs və təmtərqala keçirilir. Artıq əvvəlki illərdən fərqli olaraq, son üç ildir bu bayrama yeni gözəllik qatılıb. Belə ki, əzəmətli Zəfərin xoş əhval-ruhiyyəsi ilə Novruz bayramı xalqımızın qəlbini oxşamaqla yanaşı, hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir.
Çıxışların ardından tədbir bayram konserti ilə davam edib.