Sumqayıt Dövlət Dram Teatrında Şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və ATİAHİ Sumqayıt şəhər komitəsi birlikdə “Şuşa ili” çərçivəsində “Tarixi Zəfər” adlı tədbir keçirib.
Vətən müharibəsində canlarını fəda edən şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları və təhsil işçilərinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tədbirin əhəmiyyətini qeyd edərək bildirib ki, bu gün gənclərin milli vətənpərvərlik ruhunda, elmli-bilikli yetişməsi təhsil işçiləri qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi qələbədən və xüsusilə Şuşa zəfərindən söz açıb. Bildirib ki, işğal altındakı torpaqlarımızın azad edilməsi cənab İlham Əliyevin uğurlu rəhbərliyinin bilavasitə nəticəsidir. Dövlətimizin başçısı bütün cəbhələrdə öndə oldu. İnformasiya cəbhəsində qazandığımız qələbə Prezidentimizin diplomatik bacarığını bir daha ortaya qoymuş oldu. Vurğulayıb ki, bu qələbə Azərbaycan tarixinin ən şərəfli səhifəsidir.
Daha sonra tədbir şagirdlərin ifasında hazırlanmış ədəbi-bədii kompozisiyalar, müxtəlif səhnələr, mahnı və rəqslərlə davam edib.
ATİAHİ Sumqayıt şəhər komitəsi tərəfindən üzvləri təhsil işçisi olan 25 şəhid ailəsinə və 76 müharibə veteranına maddi-mənəvi dəstək göstərilib.