Sumqayıtda Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilib

AHİK-in üzv təşkilatı ATİAHİ RK Sumqayıt şəhər komitəsi “Təfəkkür” liseyində 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Dəyirmi masa” təşkil edib.
Tədbirdə 30-dək təhsil işçisi və ilk həmkarlar ittifaqlarının sədrləri iştirak ediblər. Layiqli əmək və bu sahədə həmkarlar ittifaqlarının rolu mövzusunda komitənin sədri Xudaverdi Əliyev çıxış edərək bildirib ki, layiqli əməyin təmin edilməsi eyni zamanda daimi, keyfiyyətli yaşıl və təhlükəsiz iş yerlərinin yaradılmasını, layiqli əməkhaqqı sisteminin formalaşmasını, peşə təhsilinin təkmilləşdirilməsini tələb edir. Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərindən biri də ən vacib məsələ kimi məhz layiqli əməyin təmin olunmasına çalışmaqdır.
Onun sözlərinə görə, ölkəmizdə BƏT-in iştirakı ilə hazırlanmış və həyata keçirilmiş “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı” işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacib idi. Proqramın icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb.
Tədbirdə 38 №-li tam orta məktəbin HİK sədri Şəfiqə Əliyeva, 8 №-li tam orta məktəbin HİK sədri Günay İsgəndərova, 24 №-li tam orta məktəbin HİK sədri Aygün Musayeva və “Təfəkkür” liseyinin HİK sədri Anaqız Cəmaləddinova da çıxışlar edərək layiqli əməklə bağlı təmsil etdikləri məktəblərdə görülən işlərdən danışıblar. Tədbirdə həmçinin mövzu üzrə müzakirələr aparılıb, rəy və təkliflər səslənib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo